Xalq Təhsili Muzeyi
Xalq Təhsili Muzeyi — Bakı şəhərində yerləşən təhsil muzeyi.
XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin və Pedaqoji muzeyin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılmış uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. Muzeyin təbliğat fəaliyyətinin spesifik forması olan ekspozisiyasında müxtəlif dövrlərdə maarifin və bütövlükdə təhsilin inkişafı naminə fədakarcasına çalışan görkəmli maarifçilərin, ilk müəllimlərin, pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil müəssisəsinin yaranmasını, qadın təhsilinin inkişafını, bu sahədə aparılan islahatları və təhsilə dövlət qayğısını əks etdirən sənəd və materiallar, nadir dərs vəsaitləri və ləvazimatları, müxtəlif illərə dair dərslik və proqramlar, bütün növ qabaqcıl təhsil müəssisəsinin, o cümlədən məktəbdənkənar müəssisələrin fəaliyyəti və iş təcrübəsi, tədris müəssisələrində istifadə edilən texniki-tədris vasitələri, müəllim, şagird və tələbələrin əl işləri, əyani vəsaitlər, albomlar, maketlər, hədiyyələr və s. nümayiş etdirilməsinin təhsil tarixinin öyrənilməsi və təbliğində müstəsna əhəmiyyətə malikdir.
Muzey xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin kommunistlər tərəfindən əlindən alınan şəxsi evində yerləşirdi.
Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji ardıcıllığa riayət edən ekspozisiyası altı salonda yerləşdirilmişdir.
Muzeyin birinci salonunda qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və təhsil tarixini əks etdirən sənəd və materiallar, Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı "Qurani-Kərim" saxlanılmaqdadır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəb qabları, "Qurani-Kərim"in saxlama qabı, "Qurani-Kərim"lər, M. T. Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan nümayiş etdirilir.
II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində təhsil,
III salon 1918–40-cı illərdə təhsil,
IV salon ali və orta ixtisas təhsilinin inkişafı,
V salon 1941–45, 1946–80-ci illərdə uşaq evləri, internat-məktəblərin yaranması və inkişafı, ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə dair sənəd və materialları əhatə edir.